Lənkəranda şəhid Murad Hüseynzadənin xatirəsi ehtiramla anılıb 

20:18 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhidlik ən ali, müqəddəs məqam, ən yüksək zirvədir. Şəhidlər Vətənin, xalqın yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, xalqına böyük sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər...

Belə şəhidlərdən biri 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən Lənkəran rayonunun Şağlaser kənd sakini Hüseynzadə Murad Mahmud oğludur.

Yanvarın 8-i şəhid Murad Hüseynzadənin doğum günüdür. Bu münasibətlə şəhidin doğulduğu kənddə keçirilən mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman) Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin 13 saylı regional filialının müdiri Ramin Hüccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev və başqaları iştirak ediblər.

Mərasim iştirakçıları Şağlaser kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Murad Hüseynzadə ilə yanaşı, 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin də xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, Murad Hüseynzadə 1998-ci il yanvarın 8-də Lənkəran rayonunun Şağlaser kəndində anadan olub.

Aprel döyüşlərinin iştirakçısı olan Murad Hüseynzadə Vətən müharibəsində bir çox yaşayış məntəqələrin və yüksəkliklərin düşmən tapdağı altından azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. O, oktyabrın 21-də Qubadlının Muradxanlı kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ayağından yaralanır, buna baxmayaraq hospitala getməkdən imtina edir və döyüşə davam edir.

Cəsur döyüşçü oktyabrın 31-də Laçın koridoru istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə Murad Mahmud oğlu Hüseynzadə ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.